KƏLBƏCƏR
2
Sentyabr2024
“İstisu” yarımstansiyasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edərək yarımstansiyanı işə salmışdır.
Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə “İstisu” yarımstansiyası inşa edilmişdir. Bu yarımstansiya 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35/10 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaqdır.
Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılmışdır. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilmişdir.
