5
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mayın 5-də Hadrut qəsəbəsində buranın turizm inkişaf konsepsiyası barədə məlumat verilmişdir.
Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirildi.
Hadrutun tarixi hissəsində bərpa və konservasiya işləri çərçivəsində ilkin dövrdə Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aid məbədin, onun yanındakı üç tikilinin bərpası, həmin ərazinin abadlaşdırılması planlaşdırılır.
Dövlətimizin başçısına və birinci xanıma Turizm Məlumat Mərkəzi barədə də məlumat verildi. Məlumata əsasən Hadrutun mərkəzi hissəsində yerləşən tarixi mülkün bərpa edilərək Turizm Məlumat Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzdə Hadruta gələn ilk turist qruplarına qəsəbə və ətraf kəndlərdəki turizm obyektləri haqqında məlumat veriləcəkdir. Turizm Məlumat Mərkəzi iki hissədən ibarət olacaqdır. Birinci hissə turistlərin qəbulu sahəsi, ikinci hissə isə turizm işçiləri üçün ofis kimi nəzərdə tutulur.