AĞDAM
12
APREL2021
Hərbi Qənimətlər Parkının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etmişdir. Açılış zamanı dövlətimizin başçısına Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edilmişdir.
Vətən müharibəsində Azərbaycanın Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşdə müharibə zamanı məhv edilən və düşməndən qənimət kimi götürülən texnikanın nümayiş etdirilməsi ilə bağlı planlarının olduğunu bildirmişdir. Dekabrın 10-da keçirilmiş Zəfər paradında həmin hərbi texnikanın bir qismi nümayiş etdirilmiş və Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdür. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşmış, açıq səma altında nadir park salınmışdır.


