YANVAR – İYUN, 2022

26

İyun

Göygöl rayonunda inşa edilən tunellərin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olmuşdur.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilmişdir. Yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılmışdır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaqdır. Yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanmışdır və yeni su kanalının tikintisi davam etdirilir.

Layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanmışdır.

Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilmişdir. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidinin tikintisi yekunlaşmışdır. Hazırda tuneldə partlatma və qırma prosesləri nəticəsində əmələ gələn qaya parçalarının və süxurların daşınması, lay sularının kənarlaşdırılması və tuneldaxili hissənin üzlənməsi işləri davam etdirilir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulmuşdur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılmışdır. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir. Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir.