23
Avqust
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmişdirlər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana vardır. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilmişdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət etdikdən sonra məktəbin rəmzi açılışını bildirən lenti kəsmişdirlər.