FÜZULİ
14
İyun2021
“Füzuli” yarımstansiyasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak etmişdirlər. Açılış tədbiri zamanı dövlətimizin başçısı yarımstansiyanı işə salmışdır.
Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilmişdir. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə yaradılacaq bütün infrastrukturun elektrik enerjisi ilə təchizatını təmin edəcəkdir.
Yarımstansiya, o cümlədən yeni idarəetmə mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunmuş və komplektləşdirilmişdir. İdarəetmə mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulmuşdur.
