İYUL – DEKABR, 2023

23

Avqust

Füzuli şəhərində yeni evlərə köçürülmüş sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşmüşdürlər. Sakinlərlə söhbətdən sonra dövlət başçılarına və xanımlarına Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilmiş yaşayış kompleksi barədə məlumat verilmişdir.

Ümumi sahəsi 8,9 hektar olan kompleks 38 yaşayış binasından ibarətdir. Binalar 4, 5, 6 və 7 mərtəbəlidir. Bu binalarda ümumilikdə 846 mənzil olacaq ki, onlardan 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. Hazırda kompleksin inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Altı bina və 144 mənzildən ibarət birinci məhəllənin tikintisi cari il avqustun sonlarında başa çatdırılacaqdır. Altı bina və 123 mənzildən ibarət ikinci məhəllə isə sentyabrda təhvil veriləcəkdir. Ümumilikdə 579 mənzildən ibarət daha 26 binanın tikintisi bu ilin sonlarında başa çatdırılacaqdır.