İYUL – DEKABR, 2021

17

Oktyabr

Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoymuşdur.

17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcəkdir. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcəkdir. Məhəllədə çoxfunksiyalı binalar olacaqdır. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulmuşdur. Həyət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək və kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcəkdir. Məhəllədə, həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulmuşdur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaqdır.