İYUL – DEKABR, 2023

29

Avqust

Fransa Prezidenti Emmanuel Makron və Prezident İlham Əliyev arasında telefon danışığı

Fransa Respublikasının Prezidenti Emmanuel Makron avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon danışığı əsnasında dövlətimizin başçısı bildirmişdir ki, Ağdam–Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Azərbaycan Prezidenti qeyd etmişdir ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam–Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etmişdir. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirmişdir.