FÜZULİ
3
İyul2025
Əhmədbəyli–Füzuli–Şuşa yolunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Əhmədbəyli–Füzuli–Şuşa yolunun açılışında iştirak etmişdir.
Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaqdır. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılmışdır. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilmişdir.
İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılmışdır. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
