AĞDAM
4
Fevral2026
Əbu-Dabidə ikitərəfli görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşmüşdür.
Görüşdə Vaşinqton Sülh Sammitinin nəticələrinin icrası istiqamətində əldə olunmuş irəliləyiş müsbət qiymətləndirilmiş, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinin davamlılığının qorunmasının vacibliyi vurğulanmışdır.
Tərəflər ikitərəfli ticarətin başlanmasından, Azərbaycandan Ermənistana neft məhsullarının ixracından və Azərbaycan ərazisindən tranzit daşımaların həyata keçirilməsindən məmnun olduqlarını bildirmişdirlər. Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, etimad quruculuğu tədbirləri, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, eləcə də TRIPP və digər bağlantı layihələri müzakirə olunmuşdur.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləmiş, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasların davam etdirilməsi barədə razılığa gəlmişdirlər.

