XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDƏRƏ

13

Yanvar

2026

“Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olmuş, süxurların partladılması üçün rəmzi düyməni basmışdır.

Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulmuşdur. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılmışdır. “Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul – mis konsentratı istehsal olunacaqdır. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalmışdır. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilmişdir. Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarılabilən həcmi dəqiqləşdiriləcəkdir.

Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunmuşdur. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır. Mədəndə hasilat “AzerGold” QSC ilə ABŞ-nin “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə “Azerbaijan International Mining Company Limited” əməliyyat şirkəti tərəfindən aparılır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi