YANVAR – İYUN, 2023

9

May

Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edərək məzarın üzərinə gül dəstəsi qoymuşdur.

Şuşa şəhəri işğal altında olduğu illərdə Mir Möhsün Nəvvab Qarabağinin Cıdır düzündə yerləşən məzarı ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Heydər Əliyev Fondu bu ilin mart ayından ərazidə müvafiq işlərə başlamış və qəbirüstü abidə bərpa olunmuşdur. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Heydər Əliyev Fondu tərəfindən aparılmış bərpa işləri alim və şairin xatirəsinə ehtiram, eləcə də mədəniyyətimizin qorunub saxlanılması istiqamətində görülən işlərə daha bir töhfədir.