19
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Cəbrayılda “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edərək yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoymuşdur.
İnşa olunacaq Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanacaqdır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirtməyə imkan verəcəkdir. “Cəbrayıl şəhər” 35/0,4 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi ilə “Hadrut” qovşaq yarımstansiyası arasında əlaqələndirmə xətləri çəkilməklə dairəvi təchizat sxemi yaradılacaqdır. Eyni zamanda, “Qubadlı şəhər” 35/0,4 kilovoltluq yarımstansiyanı Mərkəzlə birləşdirəcək ikidövrəli kabel xəttinin çəkilməsi Cəbrayıl və Qubadlı şəhərlərinin qarşılıqlı enerji mübadiləsinə imkan verəcəkdir.