17
İyun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 17-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etmişdirlər. Açılış zamanı Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov “Avto Lizinq Azərbaycan” MMC-nin açılışını bildirən rəmzi lenti kəsmişdirlər.
Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılmışdır. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaqdır. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcəkdir. Burada texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılmışdır. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcəkdir.
Həmçinin burada mehmanxana, ehtiyat hissələri mağazası və digər xidmət sahələri istifadəyə verilmişdir. Bununla yanaşı, mərkəzdə mobil təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək ki, bu da işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan yaradacaqdır. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox investisiya yatırılmışdır.