AĞDAM
2
MAY2023
Bərdə–Ağdam dəmiryol xəttinin tikintisi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Bərdə–Ağdam dəmiryol xəttinin tikintisi ilə tanış olmuşdur. Məlumata əsasən dəmiryol xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmiryol təkxətlidir və elektrikləşdirilməmişdir. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcəkdir. Dəmiryolun üzərində 3 körpü inşa olunacaqdır.
Dəmiryol xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilmiş, Ağdam vağzalının təməli qoyulmuşdur. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platformanın, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmiryol xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılmışdır. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılmışdır. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir. Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə–Təzəkənd hissəsində işlərin 80 faizi icra edilmişdir. Təzəkənd–Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.
