İYUL – DEKABR, 2021

29

Avqust

Bülbülün ev-muzeyinin açılış mərasimi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra avqustun 29-da açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdirlər.

Görkəmli musiqiçinin anadan olduğu ev 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul etmişdir. Bina 1982-1983-cü illərdə təmir olunmuş, muzey ekspozisiyası qurulmuş və önündə inzibati bina inşa edilmişdir. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdır. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdır. 2021-ci il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Prezident İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatmışdır. Bərpa işləri zamanı ev-muzeyinin divarlarında suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunmuşdur. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilmişdir. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilmişdir. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir. Otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.

Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınmış, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlmiş və divarlar çökmüşdür. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilmiş, çat olan divar hissələrində yenidənqurma işləri aparılmışdır. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz edilmişdir. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilmişdir. Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunmuşdur. Binada Bülbülün muzey ekspozisiyası qurulmuşdur. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılmışdır. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılmışdır.