YANVAR – İYUN, 2023

2

May

Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olmuşdur. Məlumata əsasən dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməmişdir. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcəkdir. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaqdır.

Dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilmiş, Ağdam vağzalının təməli qoyulmuşdur. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platformanın, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılmışdır. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılmışdır. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir. Tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə–Təzəkənd hissəsində işlərin 80 faizi icra edilmişdir. Təzəkənd–Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.