İYUL – DEKABR, 2023

20

Sentyabr

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Prezident İlham Əliyev arasında telefon danışığı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon söhbəti zamanı Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin dünən terror aktları törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu bildirmiş, buna cavab olaraq Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd etmişdir.

Dövlətimizin başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərk-silah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcəkdir. Dövlətimizin başçısı bildirmişdir ki, bunu Azərbaycan öz daxili işləri kontekstində həyata keçirir.

Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunaraq birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini demişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcəkdir.