AĞDƏRƏ
13
Yanvar2026
Aşağı Oratağ kəndində sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşmüşdür.
Görüş zamanı dövlətimizin başçısı artıq son günlərdə sakinlərin Ağdərə rayonunun 4 kəndində məskunlaşdıqlarını, ümumilikdə isə rayonun 9 kəndinə keçmiş köçkünlərin qayıdışının təmin olunduğunu bildirmişdir. Son 2 il ərzində azad edilmiş ərazilərdə monitorinqlərin aparıldığını və bərpa işlərinin mərhələli şəkildə həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev kəndlərdə evlərin təmir olunduğunu və infrastrukturun yaradıldığını qeyd etmişdir.
Prezident İlham Əliyev 2023-cü ildən sonra bölgədə həyatın sürətlə bərpa olunduğunu, artıq 73 min nəfərin azad edilmiş ərazilərdə yaşadığını və çalışdığını bildirərək bölgədə elektrik, su və qaz təminatının yaradıldığını, yolların çəkildiyini, sənaye və kənd təsərrüfatı layihələrinin icra edildiyini qeyd etmişdir. Qozlukörpü kəndində su-elektrik stansiyasının istifadəyə verildiyi, “Dəmirli” Filiz Emalı Kompleksində isə 1000-ə yaxın iş yerinin yaradılacağı diqqətə çatdırılmışdır. Dövlətimizin başçısı Ağdərə şəhərinin yeni Baş planının hazırlanacağını və şəhərin sənaye və turizm mərkəzi kimi inkişaf etdiriləcəyini qeyd etmişdir.
Sakinlər dövlət başçısına minnətdarlıqlarını bildirərək doğma torpaqlarına qayıtdıqları üçün təşəkkür etmişdirlər.

