CƏBRAYIL
3
Oktyabr2024
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında mebel klasterinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Dövlətimizin başçısı mebel klasterinin təməlini qoymuşdur.
Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. Şirkət tərəfindən sənaye parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır.
İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcəkdir. Şirkət ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcəkdir. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcəkdir.
