İYUL – DEKABR, 2023

25

Avqust

“Alxaslı” kiçik su-elektrik stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 25-də Laçın rayonuna səfərləri zamanı dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Alxaslı” kiçik su-elektrik stansiyasının açılışında iştirak etmişdir. Açılış zamanı dövlətimizin başçısı su-elektrik stansiyasını işə salmışdır.

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 6 meqavat gücündə “Alxaslı” su-elektrik stansiyası Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulmuşdur.

“Alxaslı” kiçik su-elektrik stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulmuşdur. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılmışdır. Stansiyanın enerjisistemə inteqrasiyası üçün “Mişni” su-elektrik stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilmişdir. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Alxaslı” su-elektrik stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaqdır.