AĞDAM
19
Sentyabr2024
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında görülən işlərlə tanış olmuşdur.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı dövlətimizin başçısının 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılmışdır. Sənaye parkı 190 hektar ərazini əhatə edir. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilmişdir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları arasında Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilmişdir. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılmış, 300-dək daimi iş yeri yaradılmışdır.
