AĞDAM
18
Fevral2025
Ağdam şəhərində “Hilton Garden Inn” hotelində aparılan tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden Inn” hotelində aparılan tikinti işləri ilə tanış olmuşdurlar.
Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə inşa olunan “Hilton Garden Inn” hotelində işlərin icrası 60 faiz yerinə yetirilmişdir. Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq vardır. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır.
Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır. Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və spa mərkəzləri də yaradılır. “Hilton Garden Inn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.
