İYUL – DEKABR, 2023

24

Dekabr

Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olmuşdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulmuşdur. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq hərəkət zolaqlarının sayı 2–8 ədəd, yaşıllıq zolağının eni 1,5–3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4–6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi almışdır. Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55–60 metr təşkil edəcək bu yol 6–8 hərəkət zolağından ibarət olacaqdır. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcəkdir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaqdır.