AĞDAM
18
Fevral2025
Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə salmışdır.
Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu mərkəz yüksək səviyyədə inşa olunmuşdur. Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilmişdir.
Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılmışdır. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcəkdir. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulmuşdur.
Kompleksdə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model hazırlanmışdır. Buradakı xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş olunur. Eyni zamanda, kompleksdə elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları da təqdim edilir.
