İYUL – DEKABR, 2023

24

Dekabr

Ağdam rayonundakı Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı su anbarını işə salmışdır.

Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılmışdır. Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilmişdir. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir.

Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunmuşdur. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilmişdir.