2
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 2-də Ağdam rayonuna səfərləri zamanı Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoymuşdur.
Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcəkdir. Təlim-Tədris Kompleksində isə beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaqdır. Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından və təlim poliqonundan ibarətdir.
Burada yaradılacaq Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika və mal-materialın daşınması, təmiri və saxlanılması üçün nəzərdə tutulmuşdur. Mərkəzi Laboratoriya smart-sayğaclar, kabel, izolyator, qurğu və avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.