AĞDAM
10
MAY2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etmişdir.
Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdur.
Dəmiryol vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcəkdir. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcəkdir. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcəkdir. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılmışdır. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunmuşdur.
Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilmişdir. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi yaradılmışdır.
Bərdə–Ağdam dəmiryol xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınmışdır.

