AĞDƏRƏ
13
Yanvar2026
Ağdərə şəhərinin Baş planı ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olmuşdur.
Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaqdır. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir. Bundan başqa, şəhərdə terras parkı, çayətrafı bulvar, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır.
Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanmışdır. Şəhərin mənzil fondunun 420 min kvadratmetr olması, həmçinin 80 çarpayılıq xəstəxananın, 2520 şagird yerlik 5 məktəbin, 840 yerlik 5 uşaq bağçasının və peşə məktəbinin inşası planlaşdırılır. Birinci mərhələdə sahəsi 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur. 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaqdır. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcəkdir. Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilmişdir.
