ZƏNGİLAN
28
Oktyabr2025
Ağalı kəndinin 2-ci mərhələsinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin açılışında iştirak etmişdir.
Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilmişdir. Kənddəki bütün evlərə kommunikasiya xətləri çəkilmiş, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilmiş, evlərdə kombi sistemləri quraşdırılmışdır.
Kənd ərazisində ümumi sahəsi 2 hektardan çox olan park salınmışdır. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcəkdir. Parkın ərazisi 5 funksional zonaya bölünmüşdür. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılmışdır. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilmişdir.
