İYUL – DEKABR, 2023

1

Sentyabr

ABŞ Dövlət katibi Antoni Blinken və Prezident İlham Əliyev arasında telefon danışığı

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon söhbəti zamanı dövlətimizin başçısı vurğulamışdır ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam–Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan verməmiş və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaratmış, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirmişdir. Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırlatmışdır.