21
Mart
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon danışığı əsnasında Laçın–Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunmuşdur. Dövlətimizin başçısı qeyd etmişdir ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunmuşdur. Buna görə də bu yolun guya blokadada olması barədə olan məlumat Ermənistanın yalançı təbliğatıdır.
Prezident İlham Əliyev vurğulamışdır ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar etməsi, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulamışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır, son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim etmişdir. Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırlatmışdır.