XANKƏNDİ
4
İyul2025
Xankəndidə İran Prezidenti ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşmüşdür. Tərəflər Azərbaycan və İranın dost, qonşu və qardaş ölkələr olduğunu vurğulayaraq iki ölkə arasında dərin tarixi, mədəni və dini bağlılıqları qeyd etmişdirlər.
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakına görə təşəkkürünü bildirmiş və onun bu ilin aprelindəki rəsmi səfərini yüksək qiymətləndirərək həmin səfərin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını qeyd etmişdir. Dövlətimizin başçısı Azərbaycanın müsəlman ölkələri ilə, xüsusilə qonşularla əlaqələrinin inkişafını xarici siyasətin prioriteti kimi dəyərləndirmişdir. Görüşdə Prezident İlham Əliyev İsraillə İran arasında baş verən qarşıdurmadan dərhal sonra Azərbaycanın İranın mövqeyini dəstəklədiyini, hadisə zamanı həlak olanlara görə başsağlığı verdiyini və həmrəylik nümayiş etdirdiyini qeyd etmişdir.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirmiş, Bakı–Tehran və Bakı–Təbriz aviareyslərinin sayının artırıldığını, Ağbənd–Kəlalə yol körpüsü layihəsinin irəlilədiyini qeyd etmiş və digər əməkdaşlıq sahələrinə toxunmuşdur.
