XANKƏNDİ
4
İyul2025
Xankəndidə Pakistanın Baş naziri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşmüşdür.
Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu bildirərək Azərbaycanın təşkilatın gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
Görüşdə Pakistan–Azərbaycan qardaşlıq münasibətlərinin inkişafından, Laçında keçirilmiş üçtərəfli Azərbaycan–Türkiyə–Pakistan görüşündən və Qarabağda aparılan bərpa-quruculuq işlərindən məmnunluq ifadə olunmuşdur. İkitərəfli əlaqələrin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmışdır.
Prezident İlham Əliyev Zirvə görüşündə iştiraka görə təşəkkürünü bildirmiş və Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırlamışdır. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
