AĞDAM
3
İyul2025
Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etmişdirlər.
Prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxış keçirmişdirlər. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.
Dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olmuşdurlar. 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulmuşdur. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılmışdır. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilmişdir.

