KƏLBƏCƏR
28
MAY2025
Kəlbəcər–Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər–Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olmuşdurlar.
Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaqdır. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.
Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər–Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcəkdir. Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaqdır. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər–Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunmuşdur.

