LAÇIN
28
MAY2025
Laçında Zirvə görüşü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında Azərbaycan–Türkiyə–Pakistan Zirvə görüşü keçirilmişdir. Dövlət başçıları Zirvə görüşü zamanı çıxış etmişdirlər.
Prezident İlham Əliyev görüşün azad edilmiş Laçında keçirilməsinin rəmzi əhəmiyyətini vurğulayaraq ölkələr arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın strateji səviyyədə inkişaf etdiyini bildirmişdir. O, Türkiyə və Pakistanın 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmiş, bölgədə sabitliyin və inkişafın güclənməsində üçtərəfli əməkdaşlığın vacibliyini qeyd etmişdir. O, xüsusilə müdafiə sənayesi, nəqliyyat dəhlizləri və enerji layihələrində birgə səylərin əhəmiyyətini vurğulamışdır.
Baş nazir Məhəmməd Şahbaz Şərif isə çıxışında Azərbaycan və Türkiyənin Pakistana göstərdiyi dəstəyə görə təşəkkür etmiş, bu üçtərəfli platformanı regionda sülh və rifaha xidmət edən mühüm əməkdaşlıq nümunəsi kimi dəyərləndirmişdir.
Zirvə görüşündə tərəflər siyasi, iqtisadi, enerji, müdafiə və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də beynəlxalq təşkilatlarda birgə mövqelərin davam etdirilməsi barədə razılığa gəlmişdirlər.

