AĞDAM
10
MAY2025
Kəngərli kənd tam orta məktəbinin binasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak etmişdir.
30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılmış, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilmişdir. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
Təhsil ocağının ərazisində idman meydançası inşa olunmuşdur. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcəkdir. Ərazidə oyun və istirahət sahələri yaradılmış, yaşıllıqlar salınmışdır. Kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında günəş panelləri quraşdırılmışdır. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcəkdir.

