ŞUŞA
27
MART2025
Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olmuşdurlar.
Təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağı 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir. Mərkəzin ərazisində, eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunmuşdur.
Stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcəkdir. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaqdır. Mərkəzin təcili tibbi yardım stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaqdır.
