XANKƏNDİ
19
Fevral2025
Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edərək parkın təməlini qoymuşdur.
Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulmuşdur. Ərazi şərti olaraq iki hissəyə bölünmüş və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşmışdır. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaqdır.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilmiş və müxtəlif növ 262 ağac müəyyən edilmişdir. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
