AĞDAM
21
Oktyabr2024
Prezident İlham Əliyevin ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul etməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul etmişdir.
Maykl Karpenter qəbula görə təşəkkürünü bildirmiş və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim etmişdir. O, ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu qeyd etmişdir. Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyinin olmasını bildirmişdir.
Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulamışdır. Prezident İlham Əliyev Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsinin bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurduğunu qeyd etmişdir. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulamışdır.
