AĞDAM
19
Sentyabr2024
Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışında iştirak etmişdir.
Sənaye parkının 1,7 hektar ərazisində “Eel Electric” MMC tərəfindən Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 kV, 10 kV və 0.4 kV-luq elektrik paylayıcı qurğularının istehsalı üzrə müəssisə fəaliyyət göstərəcəkdir.
“Eel Electric” MMC 2022-ci ilin noyabr ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. İnvestisiya dəyəri 3 milyon manatdan çox olan müəssisədə 70 nəfər işlə təmin ediləcəkdir. Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcəkdir. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
