AĞDAM
19
Sentyabr2024
Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olmuşdur.
Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kənddə 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılmışdır. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılmışdır. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir.
Kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanmışdır. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılmışdır. Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

