KƏLBƏCƏR
2
Sentyabr2024
“İstisu” müalicə-istirahət kompleksində aparılan tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” müalicə-istirahət kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdurlar.
Yenidən inşa edilən “İstisu” müalicə-istirahət kompleksinin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcəkdir. Hazırda kompleksin ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və 5 inzibati binanın tikinti işləri aparılır. Kompleksin hotel binasında restoranlar, kafelər, konfrans zalı, boulinq mərkəzi, uşaq əyləncə mərkəzi və müxtəlif əyləncə zonalarının fəaliyyət göstərməsi planlaşdırılır.
Hotel binasının daxilində yerləşən və sahəsi 10 min kvadratmetr təşkil edəcək spa mərkəzində 16 müxtəlif təyinatlı açıq və qapalı hovuz, termal hamamlar, müalicəvi termal su vannaları, isti və soyuq su ilə kontrast terapiya hovuzu, termal hidrohovuzlar, təzyiqli su terapiya otağı, buxar otaqları, duz otağı, müalicəvi palçıq ilə prosedur otaqları, masaj otaqları, digər prosedur otaqları və istirahət zonaları nəzərdə tutulur. Kompleksin spa mərkəzinin mineral sularla müalicə, pelioidterapiya (palçıqla müalicə) və klimatoterapiya (iqlim müalicəsi) istiqamətləri üzrə fəaliyyət göstərməsi nəzərdə tutulur.
