2
Sentyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” su-elektrik stansiyasının açılışında iştirak etmişdirlər. Prezident İlham Əliyev su-elektrik stansiyasını işə salmışdır.
“Yuxarı Vəng” SES-ə su iki mənbədən – “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilən baş suqəbuledici qurğudan daxil olur. Müasir avadanlıqla təchiz edilən stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu tikilmiş və 24 damarlı optik kabel xətti çəkilmişdir. Bununla da stansiya mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunmuş və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülmüşdür. “Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.