İyul – Dekabr, 2024

5

İyul

Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak etmişdir.

XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holding”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə etmişdir. Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanmışdır. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilmişdir. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunmuşdur. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.