YANVAR – İYUN, 2022

10

May

Şuşadakı inzibati binada və “Şirin su” hamamında aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərindəki inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri ilə tanış olmuşdurlar.

Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşadakı “Şirin su” hamamında aparılan bərpa işləri ilə tanış olmuşdurlar. Tarixi “Şirin su” hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Şəhərin Mərdinli məhəlləsində yerləşən, 1880-ci ildə inşa edilən “Şirin su” hamamı ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır. Hamam tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcəkdir.