YANVAR – İYUN, 2023

27

May

Kəlbəcərdə hərbi hospitalın açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak etmişdir.

3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Hərbi hospitalda poliklinika, terapiya, cərrahiyyə, anesteziologiya-reanimasiya bölmələrindən ibarət birinci müalicə korpusu, yoluxucu xəstəliklər və dəri xəstəlikləri bölmələrindən ibarət ikinci müalicə korpusu, qərargah binası, eləcə də daimi tibbi oksigen təminatı üçün stansiya, camaşırxana-qazanxana, nəzarət-buraxılış məntəqəsi və yeməkxana tikilmişdir. Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılmışdır.

Təcili yardım otağında ilkin yardım göstərmək üçün hər cür şərait mövcuddur. Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir. Laboratoriya bölməsi ən yüksək standartlara cavab verir.