YANVAR – İYUN, 2023

30

Aprel

ABŞ Dövlət katibi Antoni Blinken və Prezident İlham Əliyev arasında telefon danışığı

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon danışığı əsnasında Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, eləcə də Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olmuşdur. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistana 5 prinsip təklif edilmişdir. Azərbaycan–Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirmişdir ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilmişdir. Ölkə başçısı vurğulamışdır ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

Telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını qeyd etmişdir.